Ha deyirəm yazmayım, amma görürəm ki, yazmasam olmur. Rəhmətlik Akif Səməd, gərək məni bağışlasın o dünyadan oğluna aşağıdakı qeyidlərimdə tutacağım  xırda iradlarıma görə. Rəhmətlik özü sağ olsaydı, bəlkə də, məndən betərini yazardı. Nə isə...
 Beləliklə,  xeyli vaxtdır ki, haqqı daşa basıb, nahaqqın başına zəvvar kimi dolanan onun ciyərparası - gənc yazar Uluçay Akif yenə də gül vurub. Kuilis.az- da " Yarıya qədər raki, qalanı su" adlı yazısını çap edib.
 
Yazının birinci abzasını olduğu kimi bura yazıram: " İstanbulda son günümüz idi. Şəhərə çıxıb vacib bildiyimiz şeyləri alacaqdıq, Bakıya aparmaq üçün. Mən anama çanta almağı tutmuşdum beynimdə, pul qalsa özümə də nəsə alacaqdım. Nadir artıq  özünə boz palto alıb əyninə keçirmişdi. Məmnun görünürdü.  Elə bil İstanbuldakı adamlara da, "mən bu paltonu  İstanbuldan almışam 1500 liraya" demək istəyirdi.

  Yazının ardını oxumadım. Fikrimi bildirmək üçün elə bu sitat mənə bəs oldu. Başa düşdüm ki, Uluçayın dilinin lüğət tərkibi beş- on sözdən ibarətdir. Adi bir səfər təəssüratını ortabab oxuyan 10- cu sinif şagirdi səviyəsində yaza bilir gücələ. Yəni bir az dərinə gedib sitatdakı cümlələri bir-bir yazıb hər bir cümlə əsasında fikrimi izah edirəm . 1. "İstanbulda son günümüz idi". Yəqin ki, İstanbul səfərimizin son günü idi. Yaxud İstanbullu günlərimizin son günü idi və sairə demək istəyib gənc yazar.

 Amma deyə bilməyib. Uluçayın cümləsindən belə başa düşülür ki, İstanbulda onların həyatının son günü idi.2."Şəhərə çıxıb vacıb bildiyimiz şeyləri alacaqdıq, Bakıya aparmaq üçün". Hardan çıxıb? Ya moteldən, ya da oteldən demək istəyib, amma yaza bilməyib. Vacib şeylərin Bakıya aparılmaq üçün alınması, nə mənə olan şeydir anlamadım.3. "Mən anama çanta almağı tutmuşdum beynimdə, pul qalsa, özümə də nəsə alacaqdım".  Gənc yazar anlanmır ki, beyində nəsə tutmaq olmaz. Fikirdə, ürəkdə tutmaq olar belə şeyləri. 4." Nadir artıq özünə boz palto alıb əyninə keçirmişdi". Paltonu əyninə keçirməzlər, geyərlər. 5."Məmnun görünürdü". Məmnun sözünün əvəzunə, bəxtəvər, özündən razı, şad- xürrəm yazsaydı, əla olmazdımı? 6.Elə bil İstanbuldakı adamlara da " mən bu paltonu istanbuldan almışam 1500 liraya" demək istəyirdi". Adamlara da sözündəki "da"- dan belə anlaşılır ki, palto başqa şəhərdəki adamlara da göstərilib artıq. Türkiyə pul vahidinin adı lira yox, lilədir. Qanan üçün dediklərim bəsdir, məncə.

Mübariz Məsimoğlu