
Heç cürə səngimir qara xəbərlər,
Qanlı göz yaşımız dizə çıxıbdır.
Dünyanın ən alçaq lotereyası,
Birinci tirajdan bizə çıxıbdır.
Sağda Koroğlumuz, solda Bolumuz,
Düşüb yanımıza vuran qolumuz,
İşıqlı günlərə gedən yolumuz,
Dumana çıxıbdır, sisə çıxıbdır..
Hər yeri bir qansız şümür bağlayıb,
Neynirəm ömrümə ömür bağlayıb,
Ürəyim sinəmdə kömür bağlayıb,
Ciyərim yanmaqdan hisə çıxıbdır.
Yox məni salmayın bir də bu dərsə,
Burda sürdürürlər dövranı tərsə,
Kimi qızıl deyib öyübdülərsə,
Sürtülüb, göyərib misə çıxıbdır.
Hanı minillərdən yol gələn törə,
Baxır quşqu ilə bizə yan-yörə,
Bir sürü goreşən adama görə,
Adımız hər yerdə pisə çıxıbdır.
Ayaz Arabacı