Bundan əvvəl nə olubsa, keçmişəm,
Bundan sonra nə olsa da, eybi yox.
Gözlərini qurtumlayıb içmişəm,
Dodağımda nəm olsa da... eybi yox...

İlanları tapdalayıb gəlmişəm,
Qucağında yerim qalıb, nə yaxşı.
Nə görmüşəm, elə səndə görmüşəm,
Ürəyində şeirim qalıb, nə yaxşı.

Sən gələndən sevənlərim çoxalıb,
Məktubları gülüb çöpə atıram.
Səndən hər gün xəyalımda ayrılıb,
Görüşəndə öpə-öpə "atıram"

Sən gələndən düşmənlərim azalmır,
Heç bilmirəm, kimlər nəyə işləyir.
Vallah, belə qismət olmaz, a zalım,
Nə ki vaxt var, xosbəxtliyə işləyir.

Nədi indi "ölüm-ölüm" salmısan,
Əzrayılın qulaqları tutulsun.
Qorxuram ki, yanında yer qalmasın,
Bütün cənnət otaqları tutulsun.

Qollarında tanımışam Tanrını,
Ha inciyəm, ha küsəm, ha sızlayam...
Məndən əvvəl ölüm almaz canını,
Səndən əvvəl ölsəm, kafir qızıyam...

Göylər sənə bağlayıbdı ömrümü,
Mən kiməm ki yaşayam öz xoşuma.
Səndən sonra yandıracam özümü,
Kül olacaq məzarının başına...

Rəbiqə Nazim qızı