
İranda “əxlaq polisi” funksiyasını yerinə yetirən İrşad Patrullarının ləğv olunması ilə bağlı xəbərlər həm ölkədə, həm də dünyada böyük əks-səda doğurub. Məlumata görə, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzeri məcburi hicab qanununa yenidən baxıldığını, Əxlaq Polisinin də ləğv edildiyini bildirib.
"Dördüncü Dalğa" xəbər verir ki, İranın dövlət mediası Müntəzerinin sözlərini təkzib edərək, Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarına nəzarət etdiyini və bunun məhkəmə sisteminin vəzifəsi olmadığını bildirib.

İran rəsmilərindən olan Seyid Əli Hanmuhammedi “Jamaran News” saytına verdiyi eksklüziv müsahibəsində “İrşad Patrullarının missiyası bitib” deyib. Həmin bölmənin bağlanıb-bağlanmaması ilə bağlı sualı cavablandıran Hanmuhammedi bildirib ki, prokurorluq və ədliyyə orqanlarının göstərişi ilə fəaliyyət göstərən əxlaq polisinin vəzifəsi başa çatıb.

ABŞ-da yerləşən insan haqları təşkilatı "Abdorrahman Boroumand Center"in həmtəsisçisi Roya Boroumand Fransanın AFP agentliyinə deyib:
“Bu birliyi (Əxlaq Polisini - red.) ləğv etmək artıq gecdir. Çünki etirazçılar indi rejimin dəyişməsini istəyirlər. Həmçinin qadınların geyiminə və vətəndaşların şəxsi həyatına nəzarət edən qanunları dəyişmədən bu birliyi ləğv etmək sadəcə piar addımı olar”.
Nigar Cəfərli,
DÖRDÜNCÜDALĞA.AZ