
Hələ 2019-cu ilin yanvar ayının 23-də o zaman Vergilər naziri vəzifəsində çalışan Mikayıl Cabbarov ticarət fəaliyyəti ilə məşğul olan iri şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşdə “qara mühasibatlıq”ın ləğv olunacağını, “kölgə iqtisadiyyatı”nın tamamilə aradan qaldırılacağını vurğulamışdı.
Lakin hazırda yenə də ölkənin vergi siyasətinə nəzarət edən Mikayıl Cabbarovun sözügedən çıxışından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda “qara mühasibatlıq”dan “bəhrələnən” xeyli sayda şirkətlər var.

CivilAzerbaijan.com xəbər portalının əldə etdiyi məlumata görə, vergidən yayınan, ikili mühasibatlıq olan özəl müəssisələrdən biri də Gəncə şəhərində yerləşən “Premium Hotel”dir.

Əldə etdiyimiz məlumata görə Rasim Məmmədov 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə çox sıx dostluq münasibətindədir. “Premium Hotel”in müdiri Rasim Məmmədovun 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə dost olmasından sui-istifadə etdiyi, müəssisənin dövriyyəsini real göstərmədiyi, rüblük gəlirin mühüm hissəsini gizlətdiyi iddia edilir.
Məlumatda Rasim Məmmədovun vergidən təkcə “Premium Hotel”də yox, digər obyektlərində də yayındığı qeyd olunur.

Xatırladaq ki, Rasim Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovla həmyerli və qohumdur. Rasim Məmmədovun idarə etdiyi biznesin mühüm hissəsinin Cavid Qurbanova məxsus olduğu deyilir.

Bu barədə növbəti sayımızda daha geniş məlumat verəcəyik.
(CivilAzerbaijan.com)
DÖRDÜNCÜDALĞA.AZ